GERİ

“Gələcək üçün bacarıqlar” mövzusunda müzakirələr aparılıb

25 Noyabr, 2019

“StartupFest 2019” çərçivəsində “Gələcək üçün bacarıqlar” mövzusunda panel sessiya təşkil olunub.

Bu panel Azərbaycanın yeni innovasiya ekosisteminin formalaşmasında təhsil müəssisələrinin rolunu əhatə edib. İştirakçılar tərəfindən ölkənin innovativ inkişafında təhsil və araşdırma fəaliyyətinin rolu, yeni bilik və bacarıqların formalaşdırılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Panel ərzində “Təhsil innovasiyanın əsas aləti kimi”, “Universitetlər innovativ inkişafın əsas katalizatoru rolunda”, “İnnovativ inkişaf və universitetlərin təsiri arasında mütənasiblik” mövzuları ətrafında müzakirələr edilib.

Sessiyada Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev, Avropa Startap Şəbəkəsinin layihə meneceri Adele Yaroulina, ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov, Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, “Silicon Valley Technology Consulting Group”un təsisçi Teymur Sadıqov, “Mars Academy”nin icraçı direktoru Elnarə Nəbiyeva çıxış ediblər.

Sessiyanın moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Şəbnəm Məmmədova olub.

“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

Digər xəbərlər