GERİ

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15 Mart, 2021

12 mart 2021-ci il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM)  və Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) İdarə Heyətinin üzvləri arasında görüş keçirilib.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı dövlət idarəçiliyi, iqtisadi və sosial proseslərin rəqəmsallaşdırılması, o cümlədən e-hökumət, e-ticarət, elektron kənd təsərrüfatı, e-bankçılıq, e-səhiyyə və e-təhsil sahəsində aparılan siyasətdən danışıb: “Dördüncü sənaye inqilabı şəraitində Azərbaycanın İT şirkətləri ölkəmizdə iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, rəqəmsal transformasiya, ağıllı şəhər və ağıllı kənd layihələrinin inkişafında əhəmiyyətli imkanlara malikdir. Xüsusən də İT məhsullarının ixracı yeni əlavə dəyər və yüksək gəlirli iş yerləri deməkdir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin direktor vəzifəsini icra edən, Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun İdarə Heyətinin  üzvü Vüsal Rüstəmov Azərbaycanda vençur qanunvericiliyinin formalaşdırılmasının mühümlüyünü qeyd edib. O, bunun ölkəmizdə ixracyönümlü innovativ məhsulların daha sürətlə yaradılmasını təmin edəcəyini bildirib.

AZINNEX-in İdarə Heyətinin sədri Rauf Həsənov Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun yaradılmasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüskar rolunu qeyd edib. O həmçinin son illər ölkəmizdə həyata keçirilən islahatlardan, biznes mühitinin dəyişməsindən və Azərbaycan innovasiyalarının xarici bazarlarda rəqabətliliyini artırmaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsindən danışıb.

Azərbaycanın ən böyük informasiya texnologiyaları şirkətlərinin (“CyberNet”, “BestComp”, “B.EST Solutions”, “İDRAK”, “Ultra”,  “SİNAM”, “RİSK”, “İnnovasiyalar Mərkəzi”) nümayəndələri ölkəmizdə rəqəmsal ekosistemin daha da təkmilləşdirilməsi istiqamətində təkliflərini səsləndiriblər. Dövlət-özəl dialoqu şəraitində təkliflərin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyada müzakirəyə çıxarılması qərara alınıb.

Digər xəbərlər