
"ASAN AI Hub" ilk çağırışlar üzə qalibləri müəyyən edib
"ASAN xidmət"in "ASAN AI Hub" platforması tərəfindən ilk çağırışlar üzrə qiymətləndirmə prosesi yekunlaşıb.
Çağırışlar çərçivəsində 17 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər çağırış üzrə ən yüksək nəticə göstərən 2 iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb. Yekun mərhələdə isə hər çağırış üzrə qaliblər müəyyən ediliblər.
"Aqrar Ticarət Platforması üçün süni intellekt əsaslı ‘İndi al, sonra ödə’ (BNPL) risk qiymətləndirmə və məhsul uyğunlaşdırma sistemi" mövzusu üzrə çağırışın qalibləri Sənan Cəfərov və Xəyal Əhmədov, “YONCA: Süni intellekt əsaslı gündəlik təsərrüfat planlayıcısı – datasız işləyən prototip” çağırışı üzrə isə Zümrüd İsmayılova və Asiman İsmayılova seçiliblər.
Qalib komandalar 1000 AZN məbləğində mükafat ilə təltif olunublar.
İlk çağırışlar "Digital Umbrella" ilə əməkdaşlıq çərçivəsində elan edilib.
Xatırladaq ki, açıq innovasiya platforması olan "ASAN AI Hub"ın məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. Platforma açıq innovasiya modelini təşviq edərək dövlət, biznes və akademiya arasında effektiv əməkdaşlığı gücləndirir.
Platforma üzərindən real texnoloji problemlər açıq şəkildə elan olunur. Tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edirlər.
Ətraflı məlumat üçün: https://asanhub.ai/

"İnnovasiyalar Mərkəzi" ilə Gürcüstanın İnnovasiya və Texnologiyalar Agentliyi arasında görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" ilə Gürcüstan Respublikasının İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Texnologiyalar Agentliyi arasında görüş baş tutub. Görüş zamanı “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov mərkəzin əsas fəaliyyət istiqamətləri, innovasiya ekosistemi, startapların dəstəklənməsi, həyata keçirilən innovasiya yönümlü təşəbbüslər və nailiyyətlər barədə ətraflı məlumat verib.
Görüş çərçivəsində tərəflər fəaliyyət istiqamətləri ilə tanış olub, sosial innovasiyalar sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda, birgə layihələrin icrası və beynəlxalq proqramlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Qonaqlar “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı, "Expressbank"ın sponsorluğu ilə həyata keçirilən “RoboCode III” robotik kodlama düşərgəsi yekunlaşıb.
Bağlanış tədbirində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe, ekosistemin inkişafı üzrə mütəxəssis Nida Emin Kirişçi, “SAHA Robotics” şirkətinin Robototexnika davranış və naviqasiya nistemləri rəhbəri Burak Can Kaya, düşərgə iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Düşərgə müddətində formalaşan və final mərhələsinə keçən 5 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qaliblər “SAHA Robotics” şirkətində təcrübə proqramında iştirak etmək, “Bilişim Vadisi”ndə 1 illik ofis imkanından yararlanmaq hüququ qazanıblar. Bundan əlavə, layihəsini tam şəkildə inkişaf etdirərək tamamlayan qalib komanda “Take Off İstanbul” startap sammitində iştirak imkanı əldə edəcək.
Bir ay davam edən düşərgəyə ümumilikdə 150-dən çox müraciət daxil olub və kriteriyalara əsasən seçilmiş 105 iştirakçıya onlayn və fiziki formatda təlimlər keçirilib. Təlim proqramına “ROS 2-in əsasları”, “SLAM alqoritmləri”, “ROS 2 alətləri və Gazebo-da fərdi mühitin yaradılması” kimi texnoloji mövzularla yanaşı, sahibkarlıq və komanda quruculuğu istiqamətində təlimlər də daxil olub.
2023-cü ildən bəri təşkil olunan və bu il üçüncüsü gerçəkləşən düşərgələrə ümumilikdə 924 müraciət qəbul edilib, 300-dən artıq müraciətçi yarışmada iştirak hüququ qazanıb.
Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” ilə “Bilişim Vadisi Bakı” arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilir. Məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşmaq və karyera qurmaq istəyən gəncləri “ROS” (Robot Operating System) ekosisteminə dair bilik və bacarıqlarla təmin etməkdir. İnnovativ həllərin təşviqi ilə iştirakçılara bu sahədə layihələrini inkişaf etdirməyə dəstək göstərmək də prioritet istiqamətlərdəndir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, ASAN İnnovativ İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə martın 5-də Ağdam rayonunun Kəngərli kəndində qadınların iştirakı ilə “Süni intellekt savadlılığı” proqramı çərçivəsində interaktiv seminar keçirilib.
Ağdam rayonunda keçirilən tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhalinin müasir informasiya-kommunikasiya texnologiyalarına adaptasiyasını təmin etmək, müxtəlif əhali qruplarının rəqəmsal savadlılığını artırmaq və sakinləri yeni nəsil texnologiyaları, xüsusən də süni intellekt barədə məlumatlandırmaqdır.
Tədbirdə çıxış edən AQUPDK-nın nümayəndəsi Zülfiyyə Sadıq Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə geri qayıdan ailələrlə aparılan psixososial işin əhəmiyyətindən, bu sahədə həyata keçirilən layihələrdən bəhs edib. Nümayəndə həmçinin qeyd edib ki, informasiya texnologiyalarından səmərəsiz şəkildə istifadə edilməsi insanların psixikasına, yaşam tərzinə və psixoemosional vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev seminarda “Süni intellekt savadlılığı” proqramı haqqında məlumat verib, süni intellektin gündəlik həyatda və iş mühitində tətbiqi imkanlarından və əhəmiyyətindən danışıb. Cıxış zamanı təlimçi bildirib ki, “Süni intellekt savadlılığı” proqramı insanların süni intellekti yalnız texniki terminlər toplusu kimi deyil, gündəlik həyat və iş mühitində praktik tətbiq oluna bilən alət kimi dərk etməsini təmin etmək məqsədilə hazırlanıb. N.Əliyev həmçinin qeyd edib ki, proqram çərçivəsində Bakı şəhəri və regionlarda 3000 nəfərdən çox iştirakçı təlimlərdə iştirak edərək suni intellekti öz gündəlik həyat və fəaliyyətində səmərəli şəkildə tətbiq etmək bacarıqlarını inkişaf etdiriblər.
Təlimçi seminar iştirakçılarının suallarını cavablandırıb.

“ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” “Dövlət - özəl tərəfdaşlığında lider qurum” nominasiyasına layiq görülüb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” 2025-ci ilin nəticələrinə əsasən “Azerbaijan Business Award” Milli Mükafatı çərçivəsində “Dövlət - özəl tərəfdaşlığında lider qurum” nominasiyasına layiq görülüb.
Mükafat “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmova təqdim olunub.
“Azerbaijan Business Award” Milli Mükafatı Azərbaycan Respublikasında dövlət və özəl sektor nümayəndələrinin biznes sahəsində əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi, işgüzar etikanın inkişaf etdirilməsi və milli biznes mühitinin müasir imicinin formalaşdırılması məqsədilə keçirilən nüfuzlu mükafat layihəsidir.
“İnnovasiyalar Mərkəzi” 2013-cü ildən etibarən dövlət xidmətlərində innovasiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt texnologiyalarının inkişafı, startap ekosisteminin gücləndirilməsi, insan kapitalının inkişafı və media sahələrində fəaliyyət göstərir. Mərkəz bütün fəaliyyət istiqamətlərində özəl sektorla sıx əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində maarifləndirmə, layihələr, tərəfdaşlıq təşəbbüsləri və innovasiya ekosisteminin inkişafına yönəlmiş proqramlar həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" tərəfindən icra olunan “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil edilib.
Məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqidir. Eyni zamanda tələbələrin innovativ ideyalarının inkişafına şərait yaradılması və onların ixtiraçılıq, startap fəaliyyətinə istiqamətləndirilməsi əsas prioritetlərdəndir.
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ölkəmizdəki ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Tədbir çərçivəsində Dövlət Agentliyi ilə layihəyə yeni qoşulan Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyası arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.
Sonra qonaqlar startap komandalarının layihələri ilə tanış olublar.
Tədbirdə rəsmilərin çıxışları dinlənilib, layihə çərçivəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş etdirilib.
IV “TUSİ” inkubasiya proqramını uğurla başa vuran 16 startap komandası layihələrini təqdim edib. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ən yaxşı 3 layihəyə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olmaq imkanı yaradılıb. I yerin qalibi isə “Take Off İstanbul” startap sammitində iştirak hüququ qazanıb.
Tədbir zamanı növbəti - V “TUSİ” inkubasiya proqramı barədə ətraflı məlumat verilib. Proqram 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlimlər vasitəsilə iştirakçılara startapın qurulması, ideyaların sistemli şəkildə inkişafı və innovasiya ekosisteminə inteqrasiyası istiqamətində geniş imkanlar yaradır.
2021-ci ildən bu günədək layihə çərçivəsində 15 ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub, 3 mindən çox tələbə tərəfindən 300-dən artıq startap ideyası təqdim olunub. Universitetlərdə hazırlanmış 130-dan çox mentorun dəstəyi ilə 29 startap komandası formalaşdırılıb və “Demo Day” tədbirlərində layihələrini təqdim edib.
“Gələcək Üçün Bacarıqlar” layihəsi çərçivəsində indiyədək formalaşmış 4 startap tərəfindən ümumilikdə 310 000 AZN həcmində investisiya cəlb olunub.

“IV Aqrar Startaplar və İnnovasiya Forumu” çərçivəsində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi də stendlə təmsil olunaraq iştirakçılara mərkəzin fəaliyyəti, startaplara təqdim olunan dəstək mexanizmləri və innovasiya yönümlü proqramlar barədə ətraflı məlumat təqdim edib.
Forum çərçivəsində "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov sərgi zonası ilə tanış olub, aqrar və digər sahələr üzrə fəaliyyət göstərən startapların innovativ layihələri, tətbiq etdikləri texnologiyalar və təqdim etdikləri həllərlə yaxından maraqlanıb. O, startap nümayəndələri ilə görüşərək onların fəaliyyəti, inkişaf mərhələləri və gələcək planları barədə məlumat alıb, innovativ təşəbbüslərin inkişafının və ekosistemə inteqrasiyasının əhəmiyyətini vurğulayıb.
Forum zamanı aqrar və digər klasterlər üzrə fəaliyyət göstərən startaplara göstərilən inkubasiya, akselerasiya, mentorluq və ekosistemə inteqrasiya xidmətləri ziyarətçilərə çatdırılıb, həmçinin potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin, yerli şirkət nümayəndələri tərəfindən kənd təsərrüfatı təyinatlı pilotsuz uçuş aparatları, zərərvericilərin populyasiyasını müəyyən edən iqlim stansiyaları və digər innovativ texnoloji həllər barədə təqdimatlar keçirilib, müasir aqrar texnologiyaların tətbiqi və bu sahədə innovativ fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi forumun tərəfdaşlarından biri kimi prosesdə fəal iştirak edib. Mərkəzin əməkdaşları forum çərçivəsində təşkil olunan bootcamp proqramlarında mentor qismində iştirak edərək startapçılara praktiki bilik və təcrübələrini bölüşüb, müxtəlif mövzularda təlimlər keçirərək onların ideyalarının inkişafına dəstək göstəriblər.

"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov imzalayıblar.
Tərəflər Anlaşma Memorandumu çərçivəsində qarşılıqlı maraq doğuran sahələrdə səmərəli, davamlı və ikitərəfli əməkdaşlığın qurulmasını əsas məqsəd kimi müəyyən ediblər.
Razılaşmaya əsasən, “ASAN AI Hub” Yüksək Texnologiyalar Parkının bazasında yaradılan “SABAH.city” innovasiya şəhərciyində fəaliyyət göstərəcək və ölkəmizdə süni intellekt ekosisteminin formalaşmasına, dayanıqlı inkişafına xidmət edəcək.
Memorandum tərəflərin birgə fəaliyyətə dair niyyətini ifadə edir və ölkəmizdə innovasiya mühitinin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

“İnnovasiyalar Mərkəzi” ilə "Referans Medical Group" arasında görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə "Referans Medical Group" arasında görüş keçirilib.
Görüş zamanı “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov Mərkəzin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən innovasiya yönümlü təşəbbüslər və xüsusilə ASAN AI Hub platforması barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ASAN AI Hub ölkədə süni intellekt ekosisteminin formalaşdırılması və inkişaf etdirilməsi, bu sahədə innovativ həllərin təşviqi, eləcə də insan kapitalının gücləndirilməsi baxımından mühüm rol oynayır.
"Referans Medical Group"un Müşahidə şurasının sədri Hansıyar Babayev isə səhiyyə sahəsində rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi və süni intellekt əsaslı həllərin klinik praktikada istifadəsi istiqamətində görülən işlər və gələcək hədəflər barədə məlumat verib.
Görüş çərçivəsində tərəflər səhiyyə sahəsində süni intellekt imkanlarının tətbiqi, data əsaslı qərarvermə mexanizmlərinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması, eləcə də innovasiya yönümlü birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Xüsusilə ASAN AI Hub platforması üzərindən bilik və təcrübə mübadiləsi, ekspert əməkdaşlığı, pilot layihələrin icrası və beynəlxalq təcrübənin öyrənilməsi məsələləri diqqət mərkəzində olub.
Eyni zamanda, gələcək mərhələdə institusional əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və innovasiya təşəbbüslərinin reallaşdırılması, eləcə də səhiyyə və süni intellekt sahələrində uzunmüddətli strateji tərəfdaşlığın qurulması ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, səhiyyə sektorunda innovasiyaların təşviqi və ölkədə süni intellekt ekosisteminin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.