project-title

InnoKlub

“İnnoklub” - startapların və innovasiyalı müəssisələrin inkişafını stimullaşdırmaq, effektiv koordinasiyanı  təmin etmək, ekosistem oyunçularına dəstək tədbirlərini genişləndirmək və yerli startaplara investisiya imkanlarını artırmaq məqsədilə yaradılıb.


"İNNOKLUB" ekosistemin əsas oyunçuları olan “İnnovasiyalar Mərkəzi”, “NextStep”, “Yeni Fikir”, “Lotfi Zadeh Texnologiya Mərkəzi”, “New Space”, "IBA İnnovasiya Mərkəzi”, “Tech.az”, “Technovate”, “PAŞA Holding” şirkətlərinin təşəbbüsü ilə yaradılıb.


“İNNOKLUB” üzvlərinin fəaliyyətini əlaqələndirmə və katiblik funksiyasını “İnnovasiyalar Mərkəzi” yerinə yetirir.

project-title

Tech Diaspora/İnnovasiyalar Evi

“Tech Diaspora” - yerli startapçıların ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı startapçılarla əlaqələndirilməsi və onların qlobal bazara çıxış imkanlarını artırmaq məqsədilə yaradılıb.

İlkin olaraq bu məqsədlə San-Fransisko şəhərindən Qərib Mehdiyev və Emin Şərifov, Berlin şəhərindən Nail Vəliyev və Bakı şəhərindən Məmməd Kərimov olmaqla 4 nəfərdən ibarət təşkilat komitəsi, həmçinin Azərbaycanda və dünyanın bir sıra ölkələrində yaşayan həmyerlilərimizdən ibarət 20 nəfərlik təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupuna “INNOLAND” və “Next Step” administrativ dəstək göstərir.

Layihə Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnologiyalar sahəsində fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasını hədəfləyib.

“Tech Diaspora”nın nümayəndəlikləri ilkin olaraq startap ekosisteminin inkişaf etdiyi Bakı, Berlin və San-Fransisko şəhərlərində fəaliyyətə başlayıb.

 

“İnnovasiyalar Evi” - ölkəmizdəki startapçıların Silikon Vadisinə getmələrinə, təcrübə qazanmalarına və öz startaplarını inkişaf etdirmələrinə dəstək göstərmək məqsədilə yaradılıb. 


Silikon Vadisi ilə ölkəmiz arasında bir körpü rolunu oynayan  və ABŞ-da yaşayan azərbaycanlılar tərəfindən yaradılan startapları bir araya gətirən layihə yerli startapların qlobal bazara çıxarılması, onların beynəlxalq investorlara əlçatanlığını gücləndirməyi hədəfləyib.


“İnnovasiyalar Evi” Silikon Vadisində yaşayan azərbaycanlılar tərəfindən yaradılan startapları bir araya gətirir, eyni zamanda ölkəmizdəki startapçıların Silikon Vadisinə gəlmələrinə, təcrübə qazanmalarına və öz startaplarını inkişaf etdirmələrinə dəstək göstərir.
 

project-title

“Gələcək üçün bacarıqlar”

“Gələcək üçün bacarıqlar” gənclərin – tələbələrin öz potensiallarını kəşf etmələri və bazar ehtiyaclarına uyğun rəqəmsal və sahibkarlıq bacarıqlarını inkişaf etdirmələri üçün ehtiyaclara əsasən 3 mərhələli (kəşf et - inkişaf et (öyrən) – tətbiq et (layihələndir)) inkubasiya və müəllimlərin bu prosesdə yetişdirilməsi üzrə mentorluq proqramının inkişafı layihəsidir.


Layihənin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.

Layihə universitetlərdə innovasiya mühitinin təşviqi və startaplar üçün dayanıqlı inkubasiya mühitinin, təşəbbüskarlıq və sahibkarlıq mədəniyyətinin inkişafinı, ideyası olan şəxslərin, startapların faydalanması üçün dayanıqlı mentorluq şəbəkəsinin formalaşmasını, universitetlərdə ideyaların texnoloji transferinə dəstək mexanizminin  yaradılmasını, tələbələrlə biznesin real ehtiyaclarına əsaslanaraq praktiki icra proqramlarının və real işləmə məkanlarının təşkilini, biznes ehtiyaclarına uyğun universitetlərdə ideya, tədqiqat, mentorluq və startap layihələrinin inkişaf etdirilməsini və tələbələrin və müəllimlərin İnnoland, Silikon Vadisində yerləşən İnnovasiya evi kimi mərkəzlərin resurslarından və infrastrukturundan davamlı istifadəsinin təşkilini hədəfləyir.

project-title

Kinderland Otaqları

“Kinderland” - Ümumi sahəsi 5000 m² olan Kinderland” küçələri, mağazaları, teatrı və xüsusi valyutası olan gerçək bir şəhəri xatırladır. Bu şəhər 4-14 yaş arası (Körpələr üçün ərazidə isə 2-4 yaş) uşaqlar üçün nəzərdə tutulub və bütün uşaqların əylənməsi üçün 60-dan çox real həyat fəaliyyətləri ilə əyləncə və təhsili özündə cəmləşdirir. “Kinderland” uşaq əyləncə mərkəzində Mərkəzimizin ASAN Radio və “İnnovasiyalar Mərkəzi” otaqları da fəaliyyət göstərir.


“İnnovasiyalar Mərkəzi”nin otaqlarında uşaqlar üçün robot kodlaşdırılması üzrə təlimlər keçirilir. Yaşca bir qədər böyük uşaqlar isə mentorun dəstəyi ilə planşetdə dronun uçuşunu kodlaşdırır və “İNNOLAND” otağında proqramlaşdırılan dron fiqurların arasından keçirilməklə test edilirlər.


Mərkəzdə, həmçinin "İnnovasiyalar Mərkəzi"nin nəzdində olan ASAN Radionun studiyası yaradılıb. Həm balacalar, həm də böyüklər studiya ilə tanış olaraq radionun necə işlədiyini, texniki avadanlıqları və efir studiyasını real olaraq görə bilərlər.


Layihənin məqsədi hər bir ziyarətçiyə mükəmməl və unikal bir təcrübə təqdim etməkdir.

Layihə ölkənin ən uğurlu ailə əyləncə məkanına çevrilmək və hər bir ziyarətçiyə təbəssüm bəxş etməyi hədəfləyir.

project-title

Bilim Azərbaycan

“Bilim Azərbaycan” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış Protokola əsasən yaradılmışdır. Mərkəzdə “ Bilim Azərbaycan” və “Deneyap” proqramları həyata keçirilir. 

Layihə 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişafına yönəlib. Layihənin məqsədi şagirdlərə məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.

Mərkəzdə hər biri 20 şagird tutumlu, ümumilikdə 6 laboratoriya fəaliyyət göstərir:

1.Təbiət elmləri;

2.Texnologiya;

3.Riyaziyyat;,

4.Astronomiya, kosmos və aviasiya;

5.Dizayn;

6.Sahibkarlıq.

Mərkəzdə gələcəyin perspektiv ehtiyaclarını nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə XXI əsrin bacarıqlarına yiyələnmək imkanı verməklə kompleks və fərqli bir təhsil modeli olan “Deneyap Texnologiya proqramı” həyata keçirilir. 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimləri keçən şagirdlər hər təlim proqramı sonunda komanda şəklində layihə inkişaf etdirərək onu nümayiş etdirirlər.

2 ildən bir keçirilən və 3 il müddətində davam edən proqram 80 şagird üçün nəzərdə tutulub.

project-title

“Blokçeyn Təlim Mərkəzi”

ASAN İnnovativ İnkişaf Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Blokçeyn Təlim Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və “PAŞA Bank” ASC-nin birgə təşəbbüsü ilə yaradılıb. 

Mərkəz təcrübə mübadiləsi üçün aparıcı məkan olmaqla bu istiqamətdəki həvəskarları və peşəkarları resurslar, şəbəkə imkanları ilə təmin edir, onları sənayenin ən son nailiyyətləri ilə tanış edir.