“İnnovasiyalar Mərkəzi” “TezÖdə” ödəniş alətinin təqdimat tədbirində iştirak edib

media-title
28/11/2023

24 Noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” "Azərikard" MMC-nin “TezÖdə” ödəniş alətinin təqdimat tədbirində iştirak edib. 
Tədbir tərəfdaş bankların nümayəndələrinin, aparıcı fintex şirkətlərin, strateji tərəfdaşların və digər aidiyyəti qonaqların iştirakı ilə baş tutub.

Tədbirdə çıxış edən “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov “ASAN xidmət” və "Azərikard" MMC-nin “TezÖdə” platforması ilə uğurlu əməkdaşlığının nəticəsi olaraq mərkəzlərdə rüsum və xidmət haqqı ödənişlərinə innovativ yanaşmaların tətbiqindən, vətəndaşların vaxtına qənaət etməklə xidmət pəncərəsindən ayrılmadan sürətli ödəniş etmək imkanlarından, həmçinin  “ASAN Viza” elektron sistemi çərçivəsində bugünədək 3 milyondan çox əcnəbiyə viza verilməsinin təmin olunmasından danışıb. Vüsal Rüstəmov eyni zamanda “İnnovasiyalar Mərkəzi” və "Azərikard" MMC arasında ixraca yönəlik müştərək fəaliyyətin gücləndirilməsi məqsədilə bağlanmış müqaviləyə əsasən yerli innovativ həllərin, intellektual məhsulların həm ölkə daxilində, həm də ölkəmizdən kənarda yüksək səviyyədə tətbiq olunması üçün nəzərdə tutulan fəaliyyət barədə də məlumat verib. 

12 noyabr 2021-ci il tarixində imzalanmış Memoranduma əsasən "Azərikard" MMC bütün “ASAN xidmət” mərkəzlərində innovativ təmassız ödəniş məhsulu olan “TezÖdə” platformasının tətbiqinə başlayıb. Qeyd edək ki, vətəndaşlar https://tezode.az/ saytında qeydiyyatdan keçməklə  ödənişlərini növbəsiz və komissiyasız həyata keçirə bilirlər.