"Bilim Bakı"da "Kiçik sahibkarlar, böyük hədəflər” proqramının bağlanış tədbiri keçirilib.

media-title
02/12/2023

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin "Qlobal sahibkarlıq həftəsi" çərçivəsində təşkil olunub.

Mərasimdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, fərqli sahələr üzrə fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin nümayəndələri, şagirdlər və valideynlər iştirak ediblər.

Öncə iştirakçılar sərgi-satış yarmarkasında şagirdlərin qrup olaraq hazırladıqları layihələrin stendləri ilə tanış olublar. Şagirdlər təqdimat əsasında layihələrinin satışını təmin ediblər və iştirakçılar tərəfindən 5 bal üzərindən qiymətləndiriblər.

Sonra rəsmilərin çıxışları olub.

Ardınca qaliblərin təltif olunması mərasimi keçirilib.

İşirakçıların qiymətləndirmələrinə əsasən “IALE” komandası 1-ci yerə, “King of deserts” komandası 2-ci yerə, “Kiçik sahibkarlar” komandası isə 3-cü yerə layiq görülüb və qaliblərə mükafatlar təqdim olunub.

Bütün iştirakçılara sertifkatlar və “Ulduz” Şokolad Fabrikinin, "Final çay"ın və “Evrika liseyi”nin hədiyyələri təqdim olunub.

"Kiçik sahibkarlar, böyük hədəflər” proqramında iştirak üçün qeydiyyatdan keçən 10-14 yaşarası 30 şagirdə mərkəzin “Sahibkarlıq” laboratoriyasında müəllimlər və biznes nümayəndələri tərəfindən “Təqdimat bacarıqları”, “Marketinq”, “Loqo dizaynı”, “Biznesin inkişafı”, “Layihənin inkişaf etdirilməsi” və “Müştəri seqmenti” mövzularında fərqli təlimlər keçirilib, oyunlar təşkil olunub.

Proqramın məqsədi şagirdlərin tətil günlərində asudə vaxtlarını səmərəli təşkil etmək, onlara müxtəlif mövzularda tədqiqat aparmaq bacarıqlarını öyrətməkdir. Həmçinin onların auditoriya qarşısında nitq söyləmək, düzgün özünüifadə və təqdimat bacarıqlarını inkişaf etdirmək, kiçik layihələrdən böyük hədəflər əldə edə bilmək imkanlarını izah etmək əsas prioritetlərdir.