GERİ

“İnnovasiyalar Mərkəzi” silsilə təlimlərə start verib

12 Aprel, 2021

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin Təlim departamenti tərəfindən bu yaxınlarda fəaliyyətə başlamış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Yevlax KOB evi"ndə fəaliyyət göstərən 20-yə yaxın dövlət və özəl qurumun əməkdaşları üçün təlimlər keçirilib. 

Təlimlər “Dinləmə və izahetmə bacarıqları”, “Stress vəziyyətinin idarə olunması”, “Münaqişələrin idarə edilməsi” və “Müştəri məmnuniyyətinin idarə olunması” kimi fərqli mövzuları əhatə edib. 4 gün davam edən təlimlər zamanı səmərəli ünsiyyətin texnikaları barədə məlumat verilib, komanda fəaliyyətində ünsiyyətin önəmindən və effektiv ünsiyyətdən danışılıb. Həmçinin dinləmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə oyunlar təşkil olunub. Təlimlərdə stress vəziyyətinin idarə olunması, yaranma səbəbləri və təsirinin azaldılması üçün zehnə, bədənə və davranışa təsir edən müxtəlif texnikalar müzakirə edilib, iştirakçılarla “autogen məşqlər” edilib və “mindful meditasiya”lar aparılıb. Təlim mövzularına uyğun olaraq münaqişəni yaradan səbəblər, onların qarşısının alınması və emosiyaların idarə olunmasının bəzi praktiki üsulları və yolları izah olunub. Təlimlərdə, həmçnin vətəndaş, müştəri tipləri və onlara xidmət üsulları müzakirə olunub və şəxsiyyət tiplərinin bir-birini qavraması ilə bağlı interaktiv oyunlar oynanılıb. 

Təlimi uğurla başa vurmuş iştirakçılara “İnnovasiyalar Mərkəzi” tərəfindən sertifikatlar təqdim olunub. 

Müvafiq təlimlər 2020-ci ildən sahibkarlara uğurla xidmət göstərən “Xaçmaz KOB evi”nin əməkdaşları üçün də keçirilib. 

“İnnovasiyalar Mərkəzi” tərəfindən mütəmadi təşkil olunan təlimlərin məqsədi müxtəlif sektorlarda fəaliyyət göstərən təşkilatların operativlik, stressə davamlılıq, özünü idarəetmə, ünsiyyət və s. kimi bacarıqlarının inkişaf etdirilməsidir.

Qeyd edək ki, “Yevlax KOB evi” sahibkarların istifadəsinə verilmiş sayca 2-ci KOB evidir. KOB evinin başlıca üstünlüyü burada sahibkarlara dövlət və zəruri biznes xidmətlərinin vahid məkanda göstərilməsidir. Hazırda “Yevlax KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən sahibkarlıq subyektlərinə 200-dən çox xidmət göstərilir.

Digər xəbərlər