Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin əməkdaşlarına, xüsusilə də 200-ə yaxın məktəb direktoruna təlimlər keçirilib.
Türkiyədən dəvət olunmuş tanınmış təlimçi, tibb təhsili üzrə fəlsəfə doktoru, “Pozitum” təlim və konsultasiya şirkətinin həmtəsisçisi Prof. dr. Emin Devrim Keklik təlim zamanı vətəndaş məmnunluğunun idarə olunması mövzusunda çıxış edib. İştirakçılara müasir vətəndaşın tələbləri, vətəndaşyönümlü xidmət və xidmət prosesinin idarə olunması, məmnunluq anlayışının əhəmiyyəti, insantanıma və anlama bacarıqları, emosiyaları idarə etməyin və ünsiyyət bacarıqlarının vacibliyi, fərqindəliyin əhəmiyyəti və alternativ düşüncə yarada bilmə üsulları kimi bir sıra bacarıqlar aşılanıb.
Sonra “Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polat “Teknofest2023” tədbiri haqqında çıxış edib. T3 Vakfı tərəfindən məsul şəxs kimi təyin edilən Yusuf Polat festivala qatılmağın şərtləri haqqında danışıb. Həmçinin qeyd edib ki, dünyanın ən böyük texnologiya yarışlarının keçiriləcəyi “Teknofest2023” texnologiya yarışmalarında bu il 41 əsas yarışda 102 alt kateqoriya təşkil olunacaq.
Müzakirə, praktiki məşğələlər və qrup işləri metodları ilə keçirilən təlimdə iştirakçıların mövzu haqqında sualları təlimçilər tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Sonda tədbir iştirakçılarına ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən sertifikatlar təqdim edilib.
ASAN İnnovativ İnkişaf Mərkəzi Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "İnnovasiyalar Mərkəzi"nin birgə təşkilatçılığı ilə yaradılıb. Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, eyni zamanda innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə gənclərin işsizlik problemlərinin həllinə, yüksək ixtisaslı kadrların hazırlanmasına, həmçinin müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.