“ASAN xidmət” “VFS Global iConnect 2024” tədbirində

media-title
23/04/2024

“ASAN xidmət”  “VFS Global iConnect 2024” tədbirində

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən “VFS Global iConnect 2024” tədbirində iştirak edib.

“iConnect”  viza, pasport xidmətləri  və sərhəd nəzarəti sektorunda fikir mübadiləsi aparmaq, yeni tendensiyaları müzakirə etmək üçün nəzərdə tutulur. Sözügedən unikal platformada dünyanın bir çox yerindən özəl sektor və hökumət rəsmiləri bir araya gəlirlər

“VFS Global” şirkətinin təşkilatçılığı ilə baş tutan forumun builki mövzusu innovasiyalar vasitəsilə sərhədlərarası mobilliyin artırılması, rəqəmsallaşmanın və inkişaf edən texnologiyaların təhlükəsiz və kəsintisiz təsiri olub. Panel müzakirələrdə texnologiya əsaslı innovasiyalar, süni intellektin potensialı, kibertəhlükəsizlik və məlumatların mühafizəsi ilə bağlı təcrübələr diqqətə çatdırılıb.

Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov 60-dan çox dövlətin 150-dən çox nümayəndəsinin iştirak etdiyi forumda  “ASAN Viza” sistemi haqqında ətraflı məlumat verib və onun müasir texniki standartlara uyğun imkanlarından bəhs edib.  

151 ölkədə 3388 müraciət mərkəzi ilə fəaliyyət göstərən “VFS Global” şirkəti 2001-ci ildən 282 milyondan çox müraciəti və 2007-ci ildən bu günə qədər isə 132,56 milyondan çox biometrik qeydiyyatı uğurlu şəkildə emal edib.

Xatırladaq ki, “ASAN Viza” sistemi Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər standart elektron vizanı 3 iş günü, sürətləndirilmiş qaydada isə 3 saat ərzində əldə edə bilər. Fəaliyyətə başladığı dövrdən “ASAN Viza” sistemi vasitəsilə hava limanında rəsmiləşdirilən vizalar daxil olmaqla, ümumi 3.3 milyondan çox vizanın rəsmiləşdirilməsi həyata keçirilib.