İndoneziyada “ASAN xidmət” modeli əsasında 200-dən çox mərkəz yaradılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anasın dəvəti əsasında bu ölkəyə səfər edib.
Öncə nümayəndə heyəti İndoneziya Respublikasının vitse-prezidenti Maruf Amin tərəfindən qəbul edilib. Maruf Amin Azərbaycanın “ASAN xidmət” modelindən ilhamlanaraq ölkəsinin dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərə görə təşəkkürünü bildirib. Vitse-prezident Banyuvangi əyalətində açılmış ilk dövlət xidmətləri mərkəzindən sonra İndoneziyada artıq 200-dən çox bu cür mərkəzin mövcudluğunu və bu sayın 500-ə qədər artacağını bildirib. Həmçinin iqtisadi artım, investisiyalara nail olmaq üçün hər iki ölkənin ortaq maraqlar çərçivəsində cəmiyyət və özəl sektor üçün dövlət xidmətlərinin çatdırılmasını təşviq etdiyi vurğulanıb.
Vitse-prezident dövlət xidmətləri və sosial innovasiyalar sahələrində “ASAN xidmət” tərəfindən gələcəkdə də tətbiq olunacaq yeniliklərin İndoneziya tərəfi ilə bölüşülməsinə marağını ifadə edib.
Səfər çərçivəsində Ülvi Mehdiyevlə İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anas arasında da ikitərəfli görüş keçirilib. İndoneziyalı nazir hazırda ölkəsində “ASAN xidmət” modeli əsasında yaradılmış 200-dən çox vətəndaşlara xidmət mərkəzinin fəaliyyət göstərdiyini bildirib və dəstəyə görə təşəkkür edib.
Dövlət Agentliyinin sədri öz növbəsində İndoneziya tərəfinə qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib və bundan sonra da dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan tərəfinin dəstəyə hazır olduğunu bildirib.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası çərçivəsində Fəaliyyət Planı imzalanıb.
İndoneziya Respublikasının paytaxtında həyata keçirilən “Cakarta Ağıllı Şəhər” layihəsi ilə tanışlıq və şəhər rəhbərliyi tərəfindən təqdimat da baş tutub.
Nümayəndə heyətinin İndoneziyaya səfəri davam edir.
Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.
Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.