“İnnovasiyalar Mərkəzi” “iFest” innovasiya və texnologiya festivalının rəsmi tərəfdaşıdır

media-title
24/07/2024

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innovasiyalar Mərkəzi”nin rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə ölkəmizdə ilk “iFest” innovasiya və texnologiya festivalı baş tutub.

Əsas məqsəd texnologiya şirkətlərinin tanıtımı, startapların inkişafına dəstək, onların maliyyə imkanlarına çıxışının təmini və nümayişidir.


Açılış mərasimində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən, enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqindən söz açıb. Həmçinin Dövlət Agentliyi və “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi layihələr diqqətə çatdırılıb.  

“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti  “iLab” startapı tərəfindən istehsal olunan “Charge Box” elektrik qidalanma stansiyaları barədə məlumat verilib. Bildirilib ki, elektromobil sahiblərinin işini asanlaşdırmaq məqsədilə istifadəyə verilən  “Charge Box” mobil tətbiqi enerji doldurma stansiyalarını axtarmaq, ödənişlər etmək və seansları idarə etmək üçün əsas interfeys rolunu oynayır.


Belə ki, yerli ödəniş sistemlərinə inteqrasiya olunan bu tətbiq vasitəsilə istifadəçilər ödənişdən əlavə stansiya və ya məntəqədə, yerində nağdsız ödəniş, tam və saatlıq doldurma kimi seçim imkanlarını əldə edirlər.  
O qeyd edib ki, sözügedən stansiyalar artıq bir çox “ASAN xidmət” mərkəzində və yanacaqdoldurma stansiyasında quraşdırılıb.


Sonra “Gələcəyin İnnovasiyası: texnologiyaya istiqamət verən trendlər və strategiyalar” və “COP29 və innovasiya: dayanıqlı gələcək üçün innovativ həllər” mövzularında panel müzakirələr start götürüb.
Festival 10 innovasiya və texnologiya şirkəti, 30 startapın sərgisi, investor görüşləri (pitching), "Startap Forum"un təqdimatı, texnoloji şoular ilə davam edib.

Tədbirə 1000-ə yaxın ziyarətçi qatılıb.

Silsiləvi xarakter daşıyan festival bu il COP29-a həsr olunur və “Yaşıl texnologiya yaşıl dünya naminə” şüarı ilə keçirilir.  

"İnnovasiyalar Mərkəzi" innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması istiqamətində sosial innovasiya xarakterli layihələrin, startap və innovasiya sahəsində baş tutan tədbirlərin keçirilməsinə dəstək göstərir. Həmçinin gənclərin gələcək inkişafı, onların bu sahədə dəyərləndirilməsi, innovativ düşüncə və biliklərin qazanılması, ideyalar bazasının formalaşdırılması və innovasiya potensialının gücləndirilməsi istiqamətində sosial innovasiya xarakterli tədbir və layihələr reallaşdırılır.

media-title
Naxçıvan Dövlət Universitetində görüş keçirilib
12/03/2024

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.

Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.

Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

media-title
Rumıniya ASAN Xidmət modelinin tətbiqi ilə bağlı əməkdaşlığa başlayır.
03/04/2024

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.

Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.

Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.

Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.

Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.

Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.