“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ikinci mərhələsi keçirilib

media-title
09/09/2024

8 sentyabr 2024-cü il tarixində Bakı İdman Sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun (T3 Vakfı) əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ikinci mərhələsi olan praktiki imtahan keçirilib.

İmtahanda 29-30 iyun 2024-cü il tarixlərində keçirilən yazılı imtahan mərhələsində iştirak etmiş və Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6, 7-ci sinfini bitirən 5000-ə yaxın şagirdi arasından ən çox bal toplayan 431 şagird iştirak edib.

Praktiki imtahan zamanı namizədlər layihə tapşırığını müəyyən edilmiş müddətdə və materiallardan hazırlayıb münsiflər heyətinə təqdim ediblər. Təqdimat zamanı problem həll etmək, orijinal düşünmək, yaradıcı və innovativ həll tapmaq, özünü ifadə etmək kimi bacarıqlar qiymətləndirilib.

İmtahanın nəticələri on gün ərzində açıqlanacaq. Hər iki mərhələdə toplam ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təlim almaq hüququ qazanacaq.

“Deneyap” texnologiya laboratoriyasında keçirilən təlim proqramı gələcəyin texnoloji istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Proqramı başa vuran iştirakçılar “Deneyap” məzunları sırasına daxil olmaqla ekspert şəbəkəsindən mentorluq dəstəyi almaq, təcrübə proqramlarına qoşulmaq, milli və beynəlxalq startap müsabiqələrində iştirak etmək kimi imkanlar əldə edə biləcəklər.

media-title
Naxçıvan Dövlət Universitetində görüş keçirilib
12/03/2024

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.

Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.

Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

media-title
Rumıniya ASAN Xidmət modelinin tətbiqi ilə bağlı əməkdaşlığa başlayır.
03/04/2024

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.

Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.

Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.

Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.

Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.

Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.