“Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü” tədbiri baş tutub

media-title
28/09/2024

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə Bilim Bakı mərkəzinin “Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü” tədbiri baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, “Deneyap” texnologiya laboratoriyasına qəbul olunmuş şagirdlər, onların valideynləri və digər qonaqlar iştirak ediblər. 
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca isə hər iki ölkənin dövlət himnləri səsləndirilib. 
“Bilim Bakı” Mərkəzinin rəhbəri Ahmet Köse şagirdlərə və onların valideynlərinə “Deneyap” proqramı çərçivəsində keçiriləcək təlimlər,  laboratoriya konseptləri, tədbirlər, təhsil modeli və dərs planları, tədris müddəti, dərsliklər və s. barədə məlumat verib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qonaqlar “Deneyap” texnologiya  laboratoriyasına qəbul olunmuş şagirdləri və valideynləri təbrik edib, onlara uğurlar arzulayıblar. 
Sonda xatirə fotosu çəkilib.

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı 2 mərhələdən ibarət olub. 1-ci mərhələ olan yazılı imtahanda iştirak edən Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6, 7-ci sinfini bitirən 5000-ə yaxın şagird arasından ən çox bal toplayan 431 şagird 2-ci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.
 

media-title
Naxçıvan Dövlət Universitetində görüş keçirilib
12/03/2024

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.

Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.

Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

media-title
Rumıniya ASAN Xidmət modelinin tətbiqi ilə bağlı əməkdaşlığa başlayır.
03/04/2024

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.

Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.

Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.

Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.

Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.

Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.