“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti "Türkiyə Texnologiya Komandası" - T3 Fondunun dəvəti ilə Türkiyənin Adana şəhərində keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirak edib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev nümayəndə heyəti ilə birlikdə festivalda finala yüksələn və ölkəmizi təmsil edən bütün komandalarla görüşüb, onları təbrik edib və uğurlar arzulayıb. O, komandaların göstərdikləri səyləri yüksək qiymətləndirərək yeni nailiyyətlər üçün əzmlə çalışmağı məsləhət görüb. Qaliblərə yeni zirvələrə çatmaları və beynəlxalq arenada Azərbaycanı uğurla təmsil etmələri üçün dəstəyini ifadə edib.
Festivalda Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Bilim Bakı mərkəzi də stendi ilə çıxış edib.
“Bilim Bakı” Mərkəzi “TEKNOFEST”in Azərbaycandakı koordinatorudur. Belə ki, festivalda ölkəmizi təmsil edən universitet tələbələri, gənclər və şagirdlərdən ibarət komandalar müxtəlif mərhələlər üzrə hazırlıq prosesini bu mərkəzdə keçiblər. Mərkəz onlara texniki və nəzəri biliklərin artırılmasında dəstək göstərərək, startapların beynəlxalq səviyyədə rəqabətə hazırlaşmasına töhfə verib.
Mərkəzin stendində festivalı ziyarət edən qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib, 6-14 yaş arası uşaqlara astronomiya, kosmos və aviasiya mövzularında təlimlər keçirilib.
2018-ci ildən etibarən təşkil olunan "TEKNOFEST" innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətinin cəlb olunması və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir.
Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.
Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.