“Güb TALKS” görüşlərinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) dəstəyi ilə “Güb TALKS” görüşlərinə start verilib.
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində təşkil olunan görüşlər müxtəlif sektorları təmsil edən investorları bir araya gətirərək “TUSİ 2C” inkubasiya proqramlarında iştirak edən startap layihələrini tanıtmaq, onların inkişafını dəstəkləmək və investisiya imkanlarını genişləndirmək məqsədi daşıyır.
“Güb TALKS: HealthTech” adı altında keçirilən ilk görüşdə tibb sahəsində fəaliyyət göstərən investorlar, texnologiya həvəskarları və startapçılar iştirak ediblər. Tədbir zamanı “Gələcək üçün bacarıqlar” layihəsinin “TUSİ 2C” inkubasiya proqramının iştirakçısı “ABC” startapı innovativ layihəsini təqdim edib.
“ABC” startapı insanların sağlamlıq idarəetməsini təkmilləşdirmək məqsədilə yaradılıb və səhiyyə texnologiyaları sahəsində yenilikçi həllər təklif edir.
Görüşün sonunda startapçılar və sahibkarlar arasında işgüzar əlaqələrin qurulması məqsədilə netvörkinq sessiyası təşkil olunub ki, bu da gələcəkdə potensial əməkdaşlıqlar üçün zəmin yaradır.
“Gələcək üçün bacarıqlar” layihəsinin əsas məqsədi innovasiya sahəsində kadr potensialını artırmaq və innovativ fəaliyyətləri dəstəkləməkdir. Layihə çərçivəsində tələbələrə innovativ ideyaların inkişafı üçün dəstək verilir və onların ölkəmizin texnoloji tərəqqisinə töhfə verəcək kəşflər və ixtiralar sahəsinə yönəldilməsi prioritet olaraq seçilib.












Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.