"ASAN xidmət"in "İnnovasiyalar Mərkəzi" “Take Off İstanbul” sammitində

media-title
13/12/2024

11-12 dekabr 2024-cü il tarixində  Türkiyənin İstanbul şəhərində  “Take Off İstanbul” startap sammiti  baş tutub.

Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin və Prezident İnvestisiya İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən  sammit sahibkarlıq mühitini gücləndirmək məqsədini daşıyır.

Tədbirdə "ASAN xidmət"in “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan “Savafy.org”, “Taskool” və “KidFi”,  “Gələcək üçün bacarıqlar” layihəsinin “Vooshi”,  “Medappoint”, həmçinin  “Glorri” yerli startapı innovativ həlləri və texnologiyaları ilə ölkəmizi təmsil ediblər. Onlar investorlarla və ekosistemin əsas oyunçuları ilə tanışlıq imkanı əldə ediblər.

“İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktara  burada təqdim olunan innovativ layihələr barədə məlumat verib. Selçuk Bayraktar startapların fəaliyyətini yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.

Tədbir çərçivəsində  Türk İnvestisiya Fondu, "Yandex", "Al Baraka", "Sglobe.co", T3 Vəqfi, "ODTÜ Teknokent", "Havelsan", "Bilişim Vadisi" və bir çox vençur fondlarla da görüşlər keçirilib və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Beynəlxalq startap sammiti olan "Take Off" innovasiya üçün maneəsiz mühit yaratmaq məqsədilə sahibkarları, mentorları, vençur kapitalı təmsilçilərini və şirkətləri bir araya gətirir.

Sammit sahibkarların innovativ layihələrini təqdim etmələri, investorlarla birbaşa əlaqə qurmaları, sənaye liderlərindən ilham almaları və yeni biznes imkanları yaratmaları üçün unikal fürsətlər yaradır.

Bu günə qədər 100-dən çox ölkədən 801 startapı, 412 mentoru və investoru, 166 məruzəçini bir araya gətirən və ümumilikdə 755 min dollarlıq mükafat fondu təqdim edən “Take Off İstanbul” sahibkarlıq ekosisteminin inkişafına həsr olunmuş qlobal miqyaslı qeyri-kommersiya tədbiridir.