“ASAN xidmət”in “ZİRVƏ” idarəçilik marafonu ilk mövsümünə yekun vurub

media-title
07/07/2025

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “ZİRVƏ” idarəçilik marafonunun ilk mövsümü yekunlaşıb. Zəfər qələbəmizin 5-ci ildönümündə və “Konstitusiya və Suverenlik İli”ndə keçirilən layihənin məqsədi Prezident İlham Əliyevin zəfər siyasətinin idarəetmə və liderlik sahəsində tətbiqini müzakirə etmək və bu siyasətdən ilham alan işgüzar şəxslərin bilik və bacarıqlarını artırmaqdır.

Marafon boyu iştirakçılar dövlət və özəl sektordan olan peşəkar mütəxəssislərlə bilik və təcrübə mübadiləsi aparıblar. Həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə xüsusi görüş təşkil olunub.

İlk mövsümdə 120 işgüzar şəxs "Zəfər idarəçisinin kinetik imici”, “Liderlik: etika və emosional zəka”, “High Tech, High Touch: Texnologiya və insan yönümlü liderlik”, "Gerçəklər ilə xəyallar arasında iş həyatı panoraması" mövzularında maarifləndirici təlimlərdə iştirak edib.

Layihə çərçivəsində “Dövlət rəsmiləri ilə təcrübə mübadiləsi” formatında görüşlər, “İdarəetmədə innovativ liderlik bacarıqları” üzrə təlimlər, “ASAN xidmət” modeli ilə tanışlıq tədbirləri, işğaldan azad edilmiş ərazilərə infoturlar təşkil olunacaq.

Növbəti mövsümə sentyabr ayında start veriləcək.

Sponsorlar: “Veysəloğlu” Şirkətlər Qrupu, PAŞA Kapital İnvestisiya Şirkəti

media-title
Naxçıvan Dövlət Universitetində görüş keçirilib
12/03/2024

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.

Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.

Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

media-title
Rumıniya ASAN Xidmət modelinin tətbiqi ilə bağlı əməkdaşlığa başlayır.
03/04/2024

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.

Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.

Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.

Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.

Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.

Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.