“ASAN xidmət” “Aerokosmik Modelçilik Festivalı 2025”i reallaşdırıb

media-title
07/07/2025

Bakı şəhərinin Hövsan qəsəbəsində “Aerokosmik Modelçilik Festivalı 2025” keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə gerçəkləşdirilib.

Əsas məqsəd ölkəmizdə raket və peyk modelçiliyinin inkişafına, gənclərin innovativ düşüncə tərzinin formalaşmasına, sağlam həyat tərzinin təşviqinə və texniki yaradıcılığın kütləviləşməsinə dəstəkdir.

Təmiz havada intellektual aktivliklə fiziki fəaliyyəti birləşdirən bu idman növü iştirakçıların həm fərdi, həm də komanda şəklində yarışmasına şərait yaradır. Qiymətləndirmə zamanı uçuşun hündürlüyü və müddəti, enişin dəqiqliyi, modellərin texniki səviyyəsi və uçuş reallığı əsas götürülür.

Üçüncü dəfədir təşkil olunan festival iki mərhələdə, 10 növ yarış ("S-3-B Paraşüt", "S-3-C Paraşüt", "S-4-D Raketaplan", "S-6-A Streamer", "S-6-B Streamer", "S-6-C Streamer" və ilk dəfə olaraq "Peyk (CubeSat)", "Startap" (aerokosmik sahədə), dron və təyyarə modelləri) üzrə təşkil olunub. Həmçinin intellektual müsabiqə və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi də gerçəkləşib. İştirakçılara bu çərçivədə aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik formada tətbiq üçün də geniş imkanlar yaradılıb.

Bu ilki festivala “YAŞAT” Fondunun dəstəyi ilə 5 şəhid övladı da qatılıb. Raket modelçiliyi yarışının “S-6-A Streamer” kateqoriyasında bir araya gələn komanda üzvləri öncəki müddətdə festivala hazırlıq məqsədilə Fond tərəfindən raket, paraşüt, dron, təyyarə və s. modellərinin təlim məşqlərinə cəlb olunublar.

Festivalda bu il ilk dəfə raket modelçiliyi üzrə beynəlxalq FAI standartlarına uyğun S-4-D Raketaplan kateqoriyasında və peyk modelçiliyi (CubeSat) sahəsində yarışlar keçirilib. Həmçinin startaplar bu sahədə ideyalarını inkişaf və kommersiyalaşdırmaq məsədilə yarışda iştirak ediblər.

Tərəfdaşlar: Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərkosmos, Milli Aviasiya Akademiyası, Hədəf STEAM Liseyi, “IT INNOVATIONS computer academy”, Nərgiz klinikası, “AzST”, “OUTSITE” və “RC CARTING”

media-title
Naxçıvan Dövlət Universitetində görüş keçirilib
12/03/2024

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.

Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.

Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

media-title
Rumıniya ASAN Xidmət modelinin tətbiqi ilə bağlı əməkdaşlığa başlayır.
03/04/2024

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.

Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.

Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.

Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.

Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.

Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.