“INNOLAND” rezidentləri Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda uğurla təmsil olunub

“INNOLAND” rezidentləri Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda uğurla təmsil olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ASAN xidmət” stendində iştirak ediblər.
"Gələcək üçün bacarıqlar” layihəsi müddətində universitetlərlə əməkdaşlıq çərçivəsində formalaşmış "Convitsa", "Dovotes" və Mərkəzin rezidenti olan "Enverson" startapları yerli və xarici ziyarətçilərə innovativ həlləri və layihələri barədə məlumat veriblər.
Yüksək səviyyəli qonaqlar və rəsmilər startapların təqdim etdiyi texnoloji yeniliklərlə yaxından tanış olub, onların beynəlxalq bazara çıxış imkanlarını yüksək qiymətləndiriblər. Həmçinin qonaqlar “ASAN xidmət”in fəaliyyəti, vətəndaşlara təqdim olunan innovativ xidmətlər, rəqəmsal həllər sahəsində əldə olunan nailiyyətlər və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumatlandırılıblar.
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin iqtisadi və texnoloji potensialını nümayiş etdirmək, yeni qlobal rəqabətlilik paradiqmalarına dair bilik və təcrübə mübadiləsi aparmaq üçün mühüm platforma rolunu oynayır. Tədbirdə iştirak edən şirkətlər və startaplar üçün bu forum yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər imzalamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq baxımından unikal imkanlar yaradıb.





















Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.