"ASAN xidmət"in "INNOLAND" mərkəzi “Web Summit 2025”də

"ASAN xidmət"in "INNOLAND" mərkəzi “Web Summit 2025”də
10-13 noyabr 2025-ci il tarixində Portuqaliyanın Lissabon şəhərində “Web Summit 2025” tədbiri baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan "Tada!" və "Enverson" startapları innovativ həlləri və texnologiyaları ilə ölkəmizi təmsil ediblər.
Startaplar sammitdə investorlar, beynəlxalq texnologiya şirkətləri və ekosistemin əsas oyunçuları ilə tanışlıq imkanı əldə edib, fərqli bazarlardan gələn startaplarla təcrübə mübadiləsi aparıblar. Bununla yanaşı, süni intellekt və rəqəmsal innovasiya sahəsində ən son yenilikləri yerində öyrənərək məhsullarını təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq və beynəlxalq bazarlarda mövqelərini gücləndirmək üçün geniş imkanlar qazanıblar.
"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov tədbir iştirakçılarına Mərkəzin fəaliyyəti, innovasiya ekosisteminə verdiyi töhfələr və INNOLAND rezidentlərinin təqdim etdiyi layihələr barədə geniş məlumat verib. O, xüsusilə startapların qlobal bazarlara çıxışı, innovativ texnologiyaların inkişaf etdirilməsi və investisiya cəlb etməsi istiqamətində Mərkəzin dəstəyini vurğulayıb.
"Web Summit" bu il də dünyanın ən böyük texnologiya platformalarından biri kimi 150-dən çox ölkədən 70 000-dən artıq iştirakçı, minlərlə startap, investor və sənaye nümayəndəsini bir araya gətirib. Sammit süni intellekt, rəqəmsal transformasiya, dayanıqlı inkişaf, böyük data, kibertəhlükəsizlik və digər sahələr üzrə ən son qlobal trendlərin müzakirə olunduğu beynəlxalq mühit yaradıb.













Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.