ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimi keçirilib

ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimi keçirilib
2 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimi keçirilib.
Platformanın (https://asanhub.ai/) əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ) sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir. ASAN AI Hub açıq innovasiyanı təşviq edəcək və dövlət qurumları, özəl sektor və universitetlər arasında körpü rolunu oynayacaq. Texnoloji problemlər platformada açıq elan ediləcək və tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev platformanın ölkənin süni intellekt ekosistemi üçün əhəmiyyətini vurğulayıb.
Bildirib ki, ASAN AI Hub Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncağındakı çıxışı zamanı səsləndirdiyi göstərişinə uyğun olaraq yaradılıb. Platforma dövlət
xidmətləri sektorunu, biznes subyektlərini, elmi-tədqiqat mərkəzlərini, startap ekosistemini
birləşdirir və süni intellekt əsaslı həllərin hazırlanmasında körpü rolunu oynayır.
Sonra Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov,
Azərbaycanın Respublikasının rəqəmsal inkişaf
və nəqliyyat nazirinin müavini Samir Məmmədov ASAN AI Hub-ın rəqəmsal transformasiya, iqtisadi inkişaf və elmi potensialın gücləndirilməsi baxımından önəmini qeyd ediblər.
14 milyonluq bir icmaya sahib olan, hər kəs üçün əlçatan öyrənmə, tətbiq və böyümə imkanları təqdim edən qlobal süni intellekt platforması “GenAI Works”un Baş direktoru və həmtəsisçisi Steve Nouri isə “Günümüzdə generativ süni intellekt, 2025” mövzusunda çıxış edərək qlobal trendlər, texnoloji inkişaf və süni intellektin tətbiq imkanları haqqında məlumat verib.
Tədbir çərçivəsində ASAN AI Hub ilə "Apolitical", "Breakthrough Social Enterprise" və "GenAI Works" arasında anlaşma memorandumları imzalanıb. Bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcək.
Sonra “Süni intellektdə Açıq İnnovasiya: Hər kəs üçün körpü” adlı panel müzakirəsi keçirilib. Panelin spikerləri qismində ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova, “GenAI Works”un Baş direktoru və həmtəsisçisi Steve Nouri, Edinburq Maliyyə İnnovasiyaları Mərkəzinin həmdirektoru və Edinburq Universitetində maliyyə üzrə müəllimi Xaladdin Rzayev və Tsinghua Universitetinin İnformasiya İncəsənəti və Dizayn fakültəsinin dosenti Fu Zhiyong spikerlər qismində çıxış ediblər. “Apolitical” təşkilatının Partnyorluqlar üzrə direktoru Katherine Miller Weberin moderatorluğu ilə keçirilən paneldə açıq innovasiya modelləri, dövlət–özəl sektor əməkdaşlığı, inklüzivlik və məsuliyyət prinsipləri ilə bağlı müzakirələr aparıblar.
































Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.