“Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" tərəfindən icra olunan “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil edilib.
Məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqidir. Eyni zamanda tələbələrin innovativ ideyalarının inkişafına şərait yaradılması və onların ixtiraçılıq, startap fəaliyyətinə istiqamətləndirilməsi əsas prioritetlərdəndir.
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ölkəmizdəki ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Tədbir çərçivəsində Dövlət Agentliyi ilə layihəyə yeni qoşulan Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyası arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.
Sonra qonaqlar startap komandalarının layihələri ilə tanış olublar.
Tədbirdə rəsmilərin çıxışları dinlənilib, layihə çərçivəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş etdirilib.
IV “TUSİ” inkubasiya proqramını uğurla başa vuran 16 startap komandası layihələrini təqdim edib. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ən yaxşı 3 layihəyə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olmaq imkanı yaradılıb. I yerin qalibi isə “Take Off İstanbul” startap sammitində iştirak hüququ qazanıb.
Tədbir zamanı növbəti - V “TUSİ” inkubasiya proqramı barədə ətraflı məlumat verilib. Proqram 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlimlər vasitəsilə iştirakçılara startapın qurulması, ideyaların sistemli şəkildə inkişafı və innovasiya ekosisteminə inteqrasiyası istiqamətində geniş imkanlar yaradır.
2021-ci ildən bu günədək layihə çərçivəsində 15 ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub, 3 mindən çox tələbə tərəfindən 300-dən artıq startap ideyası təqdim olunub. Universitetlərdə hazırlanmış 130-dan çox mentorun dəstəyi ilə 29 startap komandası formalaşdırılıb və “Demo Day” tədbirlərində layihələrini təqdim edib.
“Gələcək Üçün Bacarıqlar” layihəsi çərçivəsində indiyədək formalaşmış 4 startap tərəfindən ümumilikdə 310 000 AZN həcmində investisiya cəlb olunub.








































Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.