"ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı, "Expressbank"ın sponsorluğu ilə həyata keçirilən “RoboCode III” robotik kodlama düşərgəsi yekunlaşıb.
Bağlanış tədbirində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe, ekosistemin inkişafı üzrə mütəxəssis Nida Emin Kirişçi, “SAHA Robotics” şirkətinin Robototexnika davranış və naviqasiya nistemləri rəhbəri Burak Can Kaya, düşərgə iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Düşərgə müddətində formalaşan və final mərhələsinə keçən 5 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qaliblər “SAHA Robotics” şirkətində təcrübə proqramında iştirak etmək, “Bilişim Vadisi”ndə 1 illik ofis imkanından yararlanmaq hüququ qazanıblar. Bundan əlavə, layihəsini tam şəkildə inkişaf etdirərək tamamlayan qalib komanda “Take Off İstanbul” startap sammitində iştirak imkanı əldə edəcək.
Bir ay davam edən düşərgəyə ümumilikdə 150-dən çox müraciət daxil olub və kriteriyalara əsasən seçilmiş 105 iştirakçıya onlayn və fiziki formatda təlimlər keçirilib. Təlim proqramına “ROS 2-in əsasları”, “SLAM alqoritmləri”, “ROS 2 alətləri və Gazebo-da fərdi mühitin yaradılması” kimi texnoloji mövzularla yanaşı, sahibkarlıq və komanda quruculuğu istiqamətində təlimlər də daxil olub.
2023-cü ildən bəri təşkil olunan və bu il üçüncüsü gerçəkləşən düşərgələrə ümumilikdə 924 müraciət qəbul edilib, 300-dən artıq müraciətçi yarışmada iştirak hüququ qazanıb.
Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” ilə “Bilişim Vadisi Bakı” arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilir. Məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşmaq və karyera qurmaq istəyən gəncləri “ROS” (Robot Operating System) ekosisteminə dair bilik və bacarıqlarla təmin etməkdir. İnnovativ həllərin təşviqi ilə iştirakçılara bu sahədə layihələrini inkişaf etdirməyə dəstək göstərmək də prioritet istiqamətlərdəndir.









































Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində görüş keçirilib.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Naxçıvanda baş tutacaq "StartupFest" haqqında müzakirələr edilib. Həmçinin, “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.