Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Anlaşma Memorandumu imzalanmış və prosesə qoşulmuş universitetlərdə xüsusi kriteriyalar üzrə seçilmiş müəllimlər üçün ilk sessiya keçirilib.
Görüşdə “İnnovasiyalar Mərkəzi”nin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Azərbaycan İqtisad Universitetinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı iştirakçılara layihənin komponentləri, gedişatı və növbəti mərhələləri barədə məlumat verilib və onlarla birgə iş mexanimzləri haqqında müzakirələr aparılıb. Eyni zamanda, iştirakçıların layihə ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, 6 aprel 2021-ci il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Layihənin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması və təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.