GERİ

“Gələcək üçün bacarıqlar” layihəsi davam edir.

8 İyul, 2021

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin universitetlərlə birgə həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq proqramının 1-ci mərhələsi olan “Baza bilikləri üzrə əsas proqram” başa çatıb. 

2 ay müddətində davam edən “Baza bilikləri üzrə əsas proqram”da Anlaşma Memorandumuna əsasən prosesə qoşulmuş 4 universitetin (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti) xüsusi kriteriyalar üzrə seçilmiş müəllim və digər nümayəndələrindən ibarət 50 şəxs iştirak edib. İştirakçılara müxtəlif dövlət və özəl sektorlarda fəaliyyət göstərən aidiyyəti mütəxəssislər tərəfindən biznes, sahibkarlıq, innovasiya menecmenti, layihələrin idarəedilməsi, marketinq, maliyyə və s. kimi əsas mövzularda 16 təlim və 4 ekspert görüşü keçirilib. 


“Baza bilikləri üzrə əsas proqram” çərçivəsində iyul-avqust aylarında iştirakçıların əldə etdikləri biliklərin daha da möhkəmləndirilməsi, həmçinin yeni əlavə biliklərin əldə edilməsi məqsədilə “Yay proqramı” həyata keçiriləcək. Proqramın sonunda prossesdən uğurla keçmiş iştirakçılar “Mentorluq proqramı”nın növbəti mərhələsi olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na davam edəcəklər. 

“Mentorluq üzrə ixtisaslaşma proqram”ı sentyabr ayı ərzində davam etdiriləcək və bu müddət ərzində seçilmiş iştirakçıların təyin olunmuş istiqamətlər üzrə mentor kimi ixtisaslaşması təmin ediləcəkdir. 

Xatırladaq ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Digər xəbərlər