26-30 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub. Məqsəd ölkəmizin innovasiya sahəsindəki təcrübəsini tanıtmaq, müxtəlif araşdırma və inkişaf mərkəzləri ilə və qarşılıqlı məlumat mübadiləsi aparmaq olub.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov və Agentliyin sədrinin müşaviri Adil Qasımov, İsrailin innovasiya sahəsində fəaliyyət göstərən "BSW Group", "Cognyte", "Adam Milo", "Ultra Red", "Green 2000" və s. kimi şirkətlərinin nümayəndələri ilə görüşüblər.
Startap ekosisteminin nümayəndələrinə Dövlət Agentliyinin ölkəmizdə innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində fəaliyyəti barədə məlumat verilib, bu sahədə İsrail tərəfi ilə bilik və qarşılıqlı təcrübə mübadiləsinin önəmi vurğulanıb.
Həmçinin Agentlik tərəfindən yaradılan “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “İnnovasiyalar Mərkəzi” tərəfindən müvafiq istiqamətdə həyata keçirilən tədbir və layihələrdən, startapların qlobal səviyyədə sərmayə cəlbi və inkişafı üçün yaradılan imkanlardan danışılıb.
Eyni zamanda ölkəmizdə startap ekosisteminin və biznes şəraitinin inkişafı istiqamətində birgə layihələr müzakirə olunub.