GERİ

“Bilimdən Zəfərə” layihəsi yekunlaşıb

31 Oktyabr, 2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə “Bilim Bakı” mərkəzində 6-14 yaşarası şəhid övladları üçün həyata keçirilən “Bilimdən Zəfərə” layihəsi yekunlaşıb.

Layihə çərçivəsində uşaqlara “Həndəsi cisimlər”, “Rəngləri öyrənirəm”, “Proqramlaşdırma” mövzularında təlimlər keçirilib, “Sıxlıqlar fərqi”, “Suyun qaldırma qüvvəsi” və “Kimyəvi elementlərlə oyun” kimi əyləncəli təcrübələr və kino saatları təşkil olunub.

Layihə sonunda iştirakçılar dünyanın ən böyük texnologiya yarışlarının keçiriləcəyi "TEKNOFEST 2023" tədbiri barədə məlumatlandırılıblar. "Bilim Bakı" Mərkəzi tərəfindən keçirilən təlim və məşğələlərdə fəal olan şəhid övladları da festifalın kosmos və aviasiya, səhiyyə, proqram təminatı, nəqliyyat sistemləri, dizayn, təhsil, ətraf mühit, kənd təsərrüfatı texnologiyaları və s. kimi gələcəyin əsas sahələrinə aid 102 alt kateqoriya üzrə təşkil olunacaq 41 əsas yarışında iştirak etməyə dəvət olunublar.

Qeyd edək ki, "TEKNOFEST 2023" tədbirinə hazırlaşmaq üçün müraciət edən şəhid övladları və digər uşaqlar festivala qədər “Bilim Bakı” Mərkəzi tərəfindən təyin olunan mentorların dəstəyi ilə öz maraq dairələrinə uyğun olaraq komanda halında festivala hazırlaşacaqlar.

“Bilimdən Zəfərə” layihəsinin keçirilməsində əsas məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaq, istirahət günlərinin səmərəli təşkilini təmin etmək və onlar arasında dostluq əlaqələrini möhkəmləndirməkdir. Layihənin keçirilməsinə "Şaurma N1" və "CafeCity" tərəfindən dəstək göstərilib.

Digər xəbərlər