Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin və “DEFSCOPE” MMC şirkətinin təşkilatçılığı ilə “Kibertəhlükəsizlik Butkampı” layihəsinə start verilib.
Layihənin məqsədi Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində kadr ehtiyatının artırılmasına və inkişafına, kadrların yerli və beynəlxalq bazarın tələblərinə uyğun inkişaf etdirilməsinə dəstək göstərmək, ölkəmizdə kibertəhlükəsizlik sahəsinə marağı artırmaq, sahə üzrə mövcud ən son bilik və bacarıqların aşılanmasını təmin etməkdir.
15 noyabrdan etibarən 4 həftə davam edəcək layihə 0-dan kibertəhlükəsizlik sahəsində karyera qurmaq və ya bu sahəyə keçid etmək, "CISSP", "GCIH", "Security+" kimi beynəlxalq kibertəhlüksizlik sertifikat imtahanlarında iştirak etmək istəyənlər, həmçinin sahə üzrə təhsil alan bakalavr, magistr tələbələri və doktorantura üzrə fəaliyyətini davam etdirənlər, özəl və dövlət qurumlarında çalışıb, kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarını artırmaq istəyən rəhbərlər, mütəxəssislər, administratorlar və s. üçün nəzərdə tutulub.
Layihədə iştirak etmək məqsədilə qeydiyyatdan keçən 400 namizəd siyahısından kriteriyalara uyğun 10 iştirakçı seçilib.
Layihə 3 hissədən ibarət olmaqla 5 modul və 30-dan çox kibertəhlükəsizlik laboratoriya tapşırıqlarını əhatə edəcək. Nəzəri hissədə iştirakçılar kibertəhlükəsizliyə aid mövzuları əhatə edən biliklər, praktiki hissədə isə kibertəhlükəsizlik laboratoriyasında 24/7 iş şəraitində öyrəndiklərini tətbiq edəcəklər.
İştirakçılara hücumlar, təhdidlər və boşluqlar, IoT (əşyaların interneti) və birləşdirilmiş cihazlar, yenilənmiş DDoS, arxitektura və dizayn, sürətlə böyüyən müəssisələrdə təhlükəsiz hibrid şəbəkələri, həmçinin bulud infrastrukturunun arxitekturası və dizaynı ilə bağlı bilik, təcrübələr, tətbiqetmə, doğrulama və girişin idarə olunması, kriptoqrafiyanın əsasları, əsas təhdidlərin aşkarlanması, təhlükəsizlik nəzarətləri və rəqəmsal araşdırma, müəssisələrdə və təşkilatlarda risklərin idarə edilməsinin qayda və standartlara uyğunlaşması və s. mövzularda təlimlər keçiriləcək.
Layihə nəticəsində iştirakçılar informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində peşəkar texniki biliklər, stresin idarəolunması, zamanın idarəolunması, komanda işi sahəsində yumşaq bacarıqlar, sahənin ən güclü ekspertlərindən olan mentorlarla görüşlər, yerli və beynəlxalq əlaqələr, peşəkar insan resursları mütəxəssisləri tərəfindən yerli bazarda iş imkanları, əlaqələrin genişləndirilməsi və karyera qurulması haqqında biliklər və dəstək, INSECO İnformasiya Təhlükəsizliyi Təşkilatına 1 illik ödənişsiz üzvlük kimi imkanlar əldə edəcəklər.
ASAN İnnovativ İnkişaf Mərkəzi Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "İnnovasiyalar Mərkəzi"nin birgə təşkilatçılığı ilə yaradılıb. Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, eyni zamanda innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə gənclərin işsizlik problemlərinin həllinə, yüksək ixtisaslı kadrların hazırlanmasına, həmçinin müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.