Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi ilə Bakcell şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Dekabr ayının 20-də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində baş tutmuş imzalanma mərasimində çıxış edən Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib ki, innovasiyaların tətbiqi və startaplara dəstək Bakcell şirkətinin fəaliyyətində əsas istiqamətlərdən biridir: “Bakcell ölkədə startapların inkişafına yönəlmiş layihələrinin həyata keçirilməsini dəstəkləyən ilk şirkətlərdən biri olub. Bizim “AppLab” İnkubasiya Mərkəzi bu gün ölkədə ən maraqlı layihələrin toplandığı məkanlardan biridir. İnanıram ki, yeni açılmış “INNOLAND" ilə əməkdaşlığımız ölkədə startap ekosisteminin inkişafına böyük töhfə verəcək və innovasiya sahəsində ən uğurlu tərəfdaşlıqlardan birinə çevriləcək”.
Daha sonra çıxış edən Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağı-Zadə qurumlar arasında dövlət-özəl tərəfdaşlığını rəsmiləşdirən bu əməkdaşlığın önəmindən danışıb.
Bildirilib ki, bu tərəfdaşlığın əsas məqsədi ölkəmizdə texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək və inkişaf etməkdə olan texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsidir. Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib və hazırlanmasına maraqoyadıcı amilin formalaşdırılması və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində də bu tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.