GERİ

''INNOLAND''də KOBİA-nın dəstək və xidmətləri ilə bağlı təqdimat keçirilib

19 Dekabr, 2021

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezident startapları üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərinə dair təqdimat təşkil olunub.

Tədbirdə “İnnovasiyalar Mərkəzi”nin direktoru vəzifəsini icra edən Vüsal Rüstəmov,  KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov və digər şəxslər iştirak ediblər. 

Tədbir zamanı KOBİA tərəfindən mikro və kiçik sahibkarlara verilən və onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi barədə ətraflı məlumat verilib. 

Təqdimat zamanı startaplar KOBİA tərəfindən təmin edilən daxili bazar araşdırması mexanizmi, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi barədə də məlumatlandırılıb, iştirakçılar Agentliyin dəstək və xidmətlərindən aktiv istifadəyə dəvət olunublar.

Görüşdə, həmçinin iştirakçıların öz startaplarının inkişafı ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. 

 “İnnovasiyalar Mərkəzi”  innovativ ideyalar bazasının formalaşdırılması ilə yanaşı, sahibkar və vətəndaşların maraqlarına uyğun xidmətlərin göstərilməsini təmin edir, həmçinin innovasiya məhsulunun və yüksək texnologiyaların  hazırlanması istiqamətində sosial innovasiya xarakterli tədbir və layihələr həyata keçirir.

Digər xəbərlər