30 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi “SƏLİS” - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev giriş sözü ilə çıxış edərək Şuranın fəaliyyətinin tamlıqla elektronlaşdırıldığını deyib və “SƏLİS” brendi haqqında ətraflı məlumat verib. Daha sonra “SƏLİS” haqqında filmə baxış keçirilib.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai çıxış edərək “SƏLİS”in vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiq olduğunu vurğulayıblar.
Şura Prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, göstərdiyi xidmətləri tam elektronlaşdırmaq və keyfiyyətini yaxşılaşdırmaq, istifadəçilər üçün daha rahat və əlçatan edərək QHT məmnunluğunu təmin etmək üçün 2019-cu ildə 20 yeni elektron xidməti istifadəyə verib. Bununla da Şura elektron hökumətə keçidi tam olaraq başa çatdırıb. Bu xidmətlər “SƏLİS” - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi adı altında vahid elektron bazada birləşdirilib.
“SƏLİS”i yaratmaqda əsas məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT- Dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir.
Qeyd edək ki, "SƏLİS" platforması və "SƏLİS"ə daxil olan aşağıdakı xidmətlərin proqram təminatı "İnnovasiyalar Mərkəzi" tərəfindən hazırlanmışdır.
Təşkil olunacaq müsabiqələrdə QHT layihələrinin elektron qəbulunun həyata keçirildiyi E-Ərizə platforması
Təqdim olunmuş layihələrin onlayn ekspertizasına imkan verən E-Ekspertiza platforması
Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsinə imkan yaradan E-Vətəndaş platforması
Apelyasiya müraciətlərinin elektron qəbulunu həyata keçirən E-Apelyasiya platforması
Layihələrin razılaşdırılması və müqavilətlərin bağlanılması üçün müraciət ardıcıllığını tənzimləyən E-Növbə platforması
Layihələrin idarəedilməsi və hesabatların qəbulu üçün E-İdarəetmə və E-Hesabat platforması
Dövlət orqanları tərəfindən QHT-lərə qrant verilməsini Şura ilə razılaşdırılmasını həyata keçirmək məqsədi ilə yaradılmış E-Razılaşdırma platforması
Layihələrin vətəndaşlar tərəfindən onlayn müşahidəsinə imkan yaradan E-Müşahidə platforması
Təklif, şikayət və ərizələrlə bağlı onlayn müraciəti təmin edən E-Müraciət platforması
Şuranın QHT-lərə göstərdiyi konsultativ dəstəyi özündə ehtiva edən E-Məsləhət platforması
QHT-lərin müqavilə sənədlərini onlayn razılaşdırmasına imkan yaradan E-Müqavilə platforması
İdeya və Elektron Resurslar Xidməti olan İNNOBANK platforması