GERİ

Azərbaycan ilk dəfə “TechCrunch Disrupt"da təmsil olunacaq

9 Dekabr, 2019

11-12 Dekabr tarixlərində Almaniyanın Berlin şəhərində Startuplar üçün nəzərdə tutulmuş “TechCrunch Disrupt 2019” tədbiri baş tutacaq.

TechCrunch Disrupt  öz sahəsində  dünyanın aparıcı, nüfuzlu tədbirlərindəndir. Həmçinin “TechCrunch Disrupt” dünyanın ən böyük startap tədbiri hesab olunur.

İldə 2 dəfə keçirilən bu tədbir yaz sessiyasında Amerikada San-Fransisko şəhərində, payız sessiyasında isə Almaniyanın Berlin şəhərində baş tutur.

 Disrupt, ən yaxşı və parlaq startapları, investorları, hakerləri və texnologiya pərəstişkarlarını bir araya gətirir.  Tədbir çərçivəsində müxtəlif “Startup Battlefield”, 24 saatlıq açıq Hackathonlar, “Startup Alley”, “Hardware Alley”  müxtəlif panel müzakirələri, seminarlar, workshoplar təşkil olunur.

Tədbir dünyanın ən böyük startap portalı olan “TechCrunch.com”la yanaşı dünyanın 200-dən çox mediyasında yayımlanır.

 “TechCrunch Disrupt 2019”  startapçıların investisiya qazanmaları üçün də böyük imkan yaradır. Belə ki, hər il tədbir çərçivəsində investorlarla startapçıların görüşü təşkil olunur.

Bu il keçiriləcək tədbirdə iştirak edəcək startapların UIPath, Samsung və Naspers kimi böyük şirkətlərin rəhbərləri ilə, eləcə də Atomico, SoftBank və İndeksin aparıcı investorları ilə görüşmək imkanı olacaq.

Həmçinin adı keçən şirkətlərin rəhbərləri müxtəlif panel müzakirələrində startapçılarla öz uğur hekayələrini və təcrübələrini bölüşəcəklər.

“TechCrunch Disrupt 2019” tədbirində “Startup Battlefield”də iştirak edəcək və qalib gələcək 1 komanda 50.000 USD qazanacaq.

“TechCrunch Disrupt 2019” çərçivəsində müxtəlif tədbirlərlə yanaşı dünyanın müxtəlif ölkələrindən olan startaplar üçün sərgi təşkil olunacaqdır.  Bu il ilk dəfə olaraq bu mötəbər tədbirdə Azərbaycan pavilyonu qurulacaq ki, bu pavilyonda Azərbaycandan olan 6 startap öz məhsullarını sərgiləyə biləcəklər. Həmçinin ölkəmizi təmsil edəcək startaplar investorlarla görüş, 50.000 dollarlıq “Startup Battlefield”də qalib olmaq uğrunda yarışda iştirak şansı əldə edəcəklər. Startaplarımız eləcə də tədbirin digər bütün imkanlarından yararlana biləcəklər.

Bu nüfuzlu beynəlxalq tədbirdə Azərbaycanı "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzindən "Nextsale", "Botbox", "Qreact" eləcə də "Joopzy", "Wexplain" və "Wandafi" startapları təmsil edəcək.

 

Digər xəbərlər